«YAY!» qalereyasında gənc rəssamın
ilk fərdi sərgisi
açılmışdır
"YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" qalereyasında gənc rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılmışdır.
Sərgiyə müəllifin rəsm əsərləri və heykəltəraşlıq nümunələri daxil edilmişdir.
AzərTAc xəbər verir ki, "Black Woman" ekspozisiyası - qadına, anaya həsr edilmiş özünəməxsus qəsidədir. Qadın təbiətinin ölçülməzliyi və iki tərəfə meyilli olması Vüsal Rəhimi çoxdan narahat edir. Onun qəhrəmanı real, həqiqi qadındır. Məişət həyatı ilə yüklənmiş qadın dünyaya öz mövqeyindən baxır. Bu qadın zərifliyin özəyidir və onun müdafiəyə ehtiyacı vardır. Eyni zamanda, o, doğma və yaxın insanların dirəyi və dayağı ola bilər. Ruhun və cismin başlanğıcı möcüzəli formada onun obrazında birləşmişdir. Yeni əsrin şair və rəssamları da əvvəlki nəsillər kimi bu sirdən ilhamlanırlar. Vüsal Rəhimin interpretasiyasında olan qadın obrazları bütpərəstlərin məhsuldarlıq ilahələrinin iriölçülü bədən fiqurlarını və onların eynən böyük həyat enerjisini əks etdirən qədim totem təsvirlərini xatırladır.
Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Bir ildən çoxdur ki, o, "YARAT!" Müasir İncəsənət Məkanının layihələrində iştirak edir, həmçinin quruluşçu rəssam kimi bəzi Bakı teatrları ilə əməkdaşlıq edir. Vüsal Rəhimin quruluşçu rəssamı olduğu tamaşalar uğurla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Musiqili Teatrında təqdim edilmişdir.
Sərgi iyulun 14-dək davam edəcəkdir.
Azərbaycan.-2013.- 19 iyun.- S. 15.